“Əsas işlər qıraqda qalıb,  biz Jirinovski ilə başımızı qatmışıq”- İxtiyar Şirinov

19:29 14.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Zənnimcə, artıq burada bu qədər diqqət ayırmaq üçün ciddi heç nə qalmayıb.  Jirinovskinin dövlətimizə, onun rəhbərliyinə qarşı dediklərinə görə, Xarici İşlər Nazirliyi Rusiya dövlətinə nota verib. İsfəndiyar Vahabzadə də bir Azərbaycan vətəndaşı olaraq Rusiya partiya lideri və deputatı tərəfindən öz xalqına qarşı təhqirlərə yetərincə, ən sərt formada cavab verib. Özü demişkən, Jirinovskinin söyüşünə yumruqla cavab verib.  Bu, onun haqqıdır, hüququdur. Buna görə ona heç kəs heç nə deyə bilməz”.  

Bu fikirləri Hafta.az-a açıqlamasında  keçmiş Baş prokuror İxtiyar Şirinov ifadə edib.

“Lakin o da var ki, Jirinovski oxşar sözləri 10 il, 20 il  bundan öncə deyib. Və Vahabzadə əsasən belə fikirləri cavablandırıb.  Onun indi dediyi məsələlərin çoxuna isə cavab verilməyib.  Jirinovskiyə hələ 10-15 il bundan öncə hüquqi baxımdan cavab verilməli idi. Onun indi dedikləri 10 il bundan öncə söylədikləri ilə müqayisədə o qədər də ciddi məsələ deyil.  Əlbəttə, Jirinovskinin dövlət başçısı haqqında danışıq tonu təhqiramiz xarakterlidir və Dövlət Dumasının deputatına, partiya sədrinə yaraşan hal deyil” –deyə həmsöhbətimiz açıqlamasının davamında söyləyib.

Sabiq Baş prokuror “Sizcə, Rusiya Daxili İşlər Nazirliyi İsfəndiyar Vahabzadənin həmin ölkəyə girişinə 50 illik qadağa qoyduğu kimi, Azərbaycanın hüquq-mühafizə orqanları da Jirinovskiyə qarşı adekvat qadağa tədbirləri görə bilərmi” sualını da cavablandırıb.

“Əlbəttə, görə bilərlər. Bizim Xarici İşlər Nazirliyi neçə on illərdir, Qarabağdakı separatçı rejimin nəzarətində olan ərazilərə gedib-gələn xarici siyasətçi və jurnalistlərin Azərbaycana, Bakıya girişinə qadağa qoyur. Yəni o  mexanizm bizdə də var. Bu, problem deyil. Amma  zənnimcə, indi artıq bu məsələni çox eşələmək lazım deyil. Jirinovski 10 il bundan öncə dediklərinin cavabını aldı. İndi  Jirinovski mövzusunu kənara qoyub əsas işlərlə məşğul olmaq lazımdır. Qarabağda, işğaldan azad edilmiş ərazilərdə, ümumiyyətlə, ölkədə həllini gözləyən problemlər var. Daha ciddi məsələlərlə məşğul olmaq gərəkdir. Əsas işlər qıraqda qalıb,  biz Jirinovski ilə başımızı qatmışıq”- deyə İxtiyar Şirinov bildirib.